SOCAR POLYMER

SOCAR Polymer “Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasında

Yeni il ərəfəsində SOCAR Polymer şirkəti «Azərikimya» İstehsalat Birliyi və Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin «Mərhəmətli olmağa tələsin!» devizi altında birgə keçirdiyi növbəti xeyriyyə aksiyasında iştirak etmişdir. Aksiyanın yekun tədbiri 22 dekabr 2017-ci il tarixində Azərikimya İB-nin akt zalında keçirildi. “SOCAR Polymer” şirkətini tədbirdə Mühəndislik və Texniki Xidmət üzrə Menecer Rauf Davudov təmsil edirdi. Digər iştirakçılar arasında «Azərikimya» İB-nin struktur bölmələri, Sumqayıtda yerləşən bir sıra idarə və müəssisələrin, səhiyyə şobəsinin, özəl klinikaların, şəhər bələdiyyəsinin, ictimai təşkilatların, sığorta şirkətlərinin və s. nümayəndələri var idi.

Tədbirdə vurğulandı ki, bir ay davam edən bu aksiyada şəhərdə fəaliyyət gösrərən 20-ə yaxın şirkət, idarə, müəssisə və təşkilat iştirak etmişdi. Əldə olunan vəsait hesabına 200 nəfər ehtiyacı olan, aztəminatlı ailələrin uşaqlarına isti qış geyimləri alınmışdı. Alınan ləvazimatlar uşaqlara təqdim olundu. Valideyn himayəsindən məhrum uşaqları sevindirmək, onlarda həyat eşqini və yaşam həvəsini oyatmaq məqsədilə “SOCAR Polymer” şirkəti böyük həvəslə aksiyaya qoşularaq, uşaqların ehtiyaclarına uyğun təşkil olunmuş 200-ə yaxın hədiyyə təqdim etmişdi.

«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova çıxış edərək, 7 ildən bəri davam edən və artıq ənənə halını almış bu xeyirxah təşəbbüsə qoşulan və cari ildə də bu missiyanı ürəklə davam etdirmiş idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını ifadə etdilər.

Tədbirin bədii hissəsində Şaxta baba qarşıdan gələn yeni il münasibətilə uşaqları təbrik etmiş və onlara “Araz” Marketlər Şəbəkəsi tərəfindən hazırlanmış 200 ədəd hədiyyə təqdim olundu. Tədbirdə həmçinin “Kimyaçı” Mədəniyyət sarayının bədii və rəqs kollektivləri uşaqlar qarşısında bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış etdilər.