SOCAR POLYMER

“SOCAR Polymer” 2-ci Məzun-Karyera Sərgisində təmsil olundu

“SOCAR Polymer” 2-ci Məzun-Karyera Sərgisində təmsil olundu
May ayının 27-də “SOCAR Polymer” şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən II Məzun-Karyera Sərgisində iştirak etdi. 56 şirkəti və 1500-ə yaxın tələbəni bir araya gətirmiş sərgidə tələbə və məzunlara 4 saat ərzində ümumilikdə 239 vakansiya üzrə iş yerləri təqdim olundu. Sərgidə həmçinin SOCAR, Azərsu ASC, “BP”, Schneider Electric, Schlumberger və digər dövlət və özəl şirkətlər təmsil olunurdu. ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgini ziyarət edərək şirkətlərin stendləri ilə tanış oldu, şirkət nümayəndələri ilə vakansiyalar barədə söhbət etdi. 
Tədbirdə şirkətimizi Təlim və İnkişaf məsələləri üzrə koordinator Aylar Mustafayeva və İnsan Resursları üzrə köməkçi Rəvan Xəlilov təmsil edirdilər. Sərgidən dərhal sonra, saat 14:00-da universitetin akt zalında keçirilmiş Açıq Qapı görüşündə iştirakçı şirkətlərin rəhbər və nümayəndələri ilə görüşən professor Mustafa Babanlı sərginin müsbət inkişaf tendensiyalarını və uğurlu nəticələrini, bu tədbiri illik ənənəyə çevirmək niyyətini, habelə universitetin təcrübə proqramları, cari islahatları və gələcək planlarını qeyd etdi. “Ötən sərgi ilə müqayisədə bu dəfəki statistik göstəricilər məni daha çox sevindirir. Cəmi ikinci dəfə təşkil olunmasına baxmayaraq artıq irəliləyişlər özünü göstərir. Universitet olaraq biz hər zaman tələbələrin müəssisələrdə təcrübə keçməsinə çox önəm vermişik. Biz istəyirik ki, müəssisənin ehtiyac duyduğu kadrlar hazırlayaq. ADNSU-da tədris olunan ixtisaslar sırf praktiki yönümlü olduğundan biz müəssisələrlə birlikdə işləməyi hər zaman prioritet hesab etmişik, çünki biz yalnız birlikdə işləsək inkişaf edə bilərik,” – deyə rektor vurğuladı. 
Görüşdə həmçinin peşəkar kadrlara olan ehtiyac və tələbat, tələbələrin problemləri və digər vacib məsələlər haqqında fikir mübadiləsi aparıldı.