SOCAR POLYMER

“SOCAR Polymer”in gələcək zavod operatorlarına peşə təlim sertifikatları təqdim olundu

28 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində keçirilən tədbirdə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Sumqayıt Təlim Mərkəzində kurs keçmiş və ən yüksək (100) bal toplamış 11 məzuna sertifikatlar təqdim olundu. Bu məzunlar SOCAR Polymer zavodlarının gələcək operatorları olacaqlar. Sertifikatları təqdim edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev öz nitqində, ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, şirkətdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mühüm addımların atıldığını bildirdi. 
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov TTSİ-nin tərkibində olan 5 təlim-tədris mərkəzi və 1 qaynaq mərkəzində mühəndis-texniki işçilər üçün ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə və təlimatlandırma kurslarının keçirildiyini qeyd etdi. X.Məmmədov həmçinin vurğuladı ki, TTSİ nüfuzlu beynəlxalq inspeksiya və akkreditasiya qurumlarının tələblərinə uyğun şəkildə çox mühüm kursları müstəqil olaraq keçirmək və məzunları sertifikatlaşdırmaq hüququnu verən akkreditasiya prosesindən keçmiş və müvafiq sertifikatlara layiq görülmüşdür.