SOCAR POLYMER

SOCAR Polymer nümayəndələri SOCAR-ın 2-ci Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumunda iştirak edir

25-28 aprel 2017-ci il tarixlərində Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumunda SOCAR Polymer şirkətinin də nümayəndələri iştirak etmişdir.
Beynəlxalq forumun məqsədi – Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsi olmuşdur. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə bu ölkələrdən 150-dən artıq iştirakçı – neft və qazın hasilatı, emalı və logistikası sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri və əməkdaşları, treyderlər, analitiklər, bank strukturlarının nümayəndələri qoşuldular.
Açılış mərasimindən öncə Forumun iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək, heykəli önünə əklil və gül dəstələri qoydular.
Forumun ilk iclasını açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Forum iştirakçılarını və qonaqları salamlayaraq müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması baxımından bu tədbirin səmərəli olacağını vurğuladı.
Forumun ilk gününün sessiyaları Azərbaycanın neft-qaz strategiyasına və neft-kimya sahəsinin inkişaf tendensiyalarına həsr olundu.
1-ci günün gündəliyinə həm də müasir neft-kimya sənayesinin inkişafı istiqamətində, Azərbaycanda həmmərz sənaye sahələri zəncirlərinin yaradılmasında və Azərikimya/Petkim iri miqyaslı regionlararası neft-kimya müəssisələri sisteminin idarə olunmasında “SOCAR Polymer”in və Azərikimya İB-nin əldə etdikləri təcrübəni əks etdirən təqdimatlar daxil edilmişdi. Bununla əlaqədar, SOCAR Polymer şirkətinin maliyyə direktoru Fuad Əhmədov SOCAR Polymer və SOCAR GPC layihələri, və eləcə də H.Əliyev adına Bakı neftayırma zavodunun və Azərikimya İB-nin müasirləşdirilməsi də daxil olmaqla Azərbaycanda həyata keçirilən neft-kimya layihələrinə dair icmal təqdim etdi. Azərbaycanda bu cür maliyyələşdirmə modeli əsasında ilk layihəyə imza atmış SOCAR Polymer şirkətinin uğur tarixçəsi haqqında məruzə edən F.Əhmədov nə SOCAR-dan, nə də Azərbaycan hökumətindən layihənin başa çatdırılmasına dair heç bir zəmanətin verilmədiyini vurğuladı və layihənin digər təfərrüatları haqqında danışdı. Forum 3 gün ərzində 8 sessiyada müxtəlif mövzular üzrə öz işini davam etdi.