SOCAR POLYMER

SOCAR Polymer 4-cü Beynəlxalq Xəzər Enerji Forumunda

Xəzər Avropa Klubu (CEC) ilə Caspian Energy Beynəlxalq Media Qrupunun təşkilatçılığı ilə 12 aprel 2017-ci il tarixində Bakıda keçirilmiş 4-cü Beynəlxalq Xəzər Enerji Forumunda dünyanın 20 ölkəsindən 500 nümayəndə iştirak etdi. Xəzər, Qara və Baltik dənizləri regionunun və Azərbaycanın dövlət idarələri, nazirlikləri, iri beynəlxalq şirkətləri, komitə və agentliklərinin, habelə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatlar nümayəndələrinin iştirakı ilə keçirilən bu Forumun məqsədləri haqqında danışan Xəzər Avropa Klubunun Sədrinin birinci müavini və Baş icraçı direktoru Telman Əliyev əsas məqsədin biznes ilə dövlət sektorunun arasındakı əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu vurğuladı. SOCAR Polymer şirkətini baş maliyyə analitikləri Babək Beydullayev və Elçin Məmmədov, və kiçik maliyyə analitikləri Nigar Cəbrayılova, Aqil Rəhimov və Natiq Kərimov təmsil edirdilər.
Forum plenar iclaslar formasında keçirilirdi. Milli Məclis sədrinin müavini və Təbii Resurslar, Energetika və Ətraf Mühit Komitəsinin sədri Valeh Ələsgərovun sədrliyi ilə keçirilmiş birinci plenar iclas Azərbaycanda aparılan iqtisadi islahatların nəticələrinə, habelə Xəzər, Qara və Baltik dənizləri vasitəsilə dünya enerji bazarlarına inteqrasiyanın bütün aspektlərinə həsr olunmuşdu. 
1-ci plenar iclasda çıxış edənlər arasında Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev, Dövlət Standartlaşdırma, Metrologiya və Patentlər Komitəsinin sədri Ramiz Həsənov, və Azərsun Holdinqin müşahidə şurasının sədri Əbdülbari Gözəl də var idi. Bu plenar iclasda, Babək Beydullayev Azərbaycanda həyata keçirilən neft-kimya layihələrinə, o cümlədən SOCAR Polymer və SOCAR GPC layihələrinə, habelə Azərikimya İB-nin və H.Əliyev adına Bakı Neftayırma Zavodunun müasirləşdirilməsinə dair icmal təqdim etdi. Azərbaycanda orijinal maliyyələşdirmə modelinə əsaslanan ilk layihəyə imza atmış SOCAR Polymer şirkətinin uğur tarixçəsi haqqında məruzə edən B.Beydullayev nə SOCAR- dan, nə də Azərbaycan hökumətindən layihənin başa çatdırılmasına dair heç bir zəmanətin verilmədiyini vurğuladı və layihənin digər təfərrüatları haqqında danışdı. SOCAR Polymer layihəsi haqqında geniş məlumat verərkən, şirkətimizin nümayəndəsi suveren zəmanət, “İnşa et-İşə sal-Təhvil ver” və korporativ kredit kimi müxtəlif maliyyələşdirmə modellərinə toxundu, layihə maliyyələşdirmə modelinin ənənəvi korporativ maliyyələşdirmə  ilə  müqayisədə  üstünlüklərini və çatışmazlıqlarını qeyd etdi və sabit qiymətli açar-təslim kontraktlarının üstünlüklərini vurğuladı.
Forumun 2-ci plenar iclasında qeyri-neft sektorunun müxtəlif sahələrində, o cümlədən maliyyə, bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma və inşaat sahələrində innovasiyaların tətbiq edilməsi məsələləri müzakirə edildi.
Xəzər və Qara dəniz hövzəsinin aparıcı şirkətlərini bir araya gətirəcək növbəti Xəzər Enerji Forumu 2017-ci ilin dekabr ayında Praqada keçiriləcək. Bundan başqa, Xəzər və Qara dəniz hövzəsində fəaliyyət göstərən şirkətlər ilə Şimali və Cənubi Amerikalar arasında dialoqun əsasını qoymaq məqsədilə 2017-ci ilin payızında Bakıda ilk dəfə Xəzər-Amerika Forumu keçiriləcək.