SOCAR POLYMER

KİV nümayəndələri “SOCAR Polymer”in tikinti meydançasına baş çəkdilər

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında SOCAR-ın Sumqayıtda həyata keçirdiyi layihələrin icrası ilə bağlı müsbət fikirlər söyləyib, sahibkarlara tövsiyələr verdi. Həmin layihələr çərçivəsində görülən işlər və layihələrin cari statusu ilə tanışlıq məqsədilə 13 aprel 2017-ci il tarixində bir sıra aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrindən ibarət jurnalistlər qrupu üçün Sumqayıt Kimya Sənaye Parkına Mətbuat Turu təşkil olundu. Səfər zamanı KİV nümayəndələri SOCAR-ın həyata keçirdiyi layihələrlə, o cümlədən “SOCAR Polymer”in layihəsi ilə tanış oldular. Sumqayıt Kimya Sənaye Parkının (SKSP) direktor müavini Zaur Məmmədov jurnalistlərə verdiyi açıqlamasında Parkın 2011-ci ildə yaradılmasına və qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, artıq bir sıra rekorda imza atdığını qeyd etdi. Burada "SOCAR Polymer” MMC şirkəti daxil olmaqla, ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edən 10-a yaxın şirkət “Parkın rezidenti” statusunu almışdır ki, bu da regionda rekord göstəricidir. “SOCAR Polymer ümumiyyətlə SKSP-nın ən nəhəng layihəsidir,” Z.Məmmədov vurğuladı. 
Öncə "Azərikimya” İB-yə gələn media nümayəndələri Birliyin Etilen-polietilen zavodunda istehsalat sahələri və əsas qurğularla tanış olub, aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat əldə etdilər. 
Sonra KİV nümayəndələri Sumqayıt Kimya Sənaye Parkı ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində tikilən qurğularla tanış oldular. Bildirildi ki, layihə üzrə işlərin ümumilikdə 60%-i başa çatdırılmışdır. Layihə polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən 2 böyük qurğunun inşa edilməsini və ildə 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilenin istehsal edilməsini nəzərdə tutur. Tikinti işlərinə 2600-dən çox insan cəlb edilib. Polipropilen qurğusunun tikinti işləri 50% yerinə yetirilib. Bura avadanlıqların quraşdırılması, boruların çəkilməsi, dəmir-beton, elektrik və dəmir konstruksiya işləri aiddir. YSPE qurğusunun dəmir-beton, metal konstruksiya və boruların hazırlanması işləri qrafik üzrə davam edir. “SOCAR Polymer” şirkətinin baş direktoru, Fərid Cəfərov jurnalistlərə verdiyi müsahibəsində bildirmişdir ki, bu layihə nəticəsində istehsal olunacaq polipropilen və polietilen bir çox müxtəlif sahələrdə, o cümlədən tibb ləvazimatları istehsalı sənayesi və yüngül sənayedə, polietilen isə boru kəmərləri və plastmasların çeşidli növlərində istifadə oluna biləcək. LiondellBasell və İneos şirkətlərinin lisenziarlar kimi çıxış etməyi məhsulun ən yüksək beynəlxalq standartlarına uyğun olacağının təminatıdır.
Jurnalistlər həmçinin istehsal gücü illik təxminən 650-660 min ton məhsul olan Karbamid zavodunu ziyarət etdilər. 
Press-turun sonunda jurnalistlərə məlumat verildi ki, Sənaye Parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək.