SOCAR POLYMER

"SOCAR Polymer"in imkanları sahibkarlara təqdim edildi

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında verdiyi tapşırığa uyğun olaraq İqtisadiyyat Nazirliyi və SOCAR şirkəti sahibkarlarla görüş təşkil etdi. "SOCAR Polymer"in istehsal edəcəyi məhsulun ölkəmizin istehsalat sahəsində yaradacağı yeni imkanların sahibkarlara təqdim edilməsi məqsədilə təşkil olunmuş bu işgüzar görüş 14 aprel 2017-ci il tarixində Bakı Biznes Mərkəzinin konfrans zalında keçirildi. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələri və 50-dən çox sahibkar iştirak etdi.
Tədbirdə açılış nitqi ilə çıxış etmiş iqtisadiyyat naziri Şahin Mustafayev iqtisadiyyatımızın müxtəlifləşdirilməsi, ixrac potensialının artırılması, idxalın isə yerli istehsal ilə əvəz olunması istiqamətində məqsədyönlü işlərin görüldüyünü qeyd etdi. Sumqayıt Kimya Sənaye Parkının ən böyük layihələrindənbiriolan“SOCARPolymer”inicravəziyyətinin dövlət başçısının daim nəzarətində olduğunu qeyd edən nazir bu layihənin ölkəmiz üçün əhəmiyyətindən danışdı. “SOCAR Polymer” MMC-nin istehsalı olan polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) ixrac olunmaqla yanaşı, yerli müəssisələrin, kiçik və orta sahibkarların xammala tələbatını ödəyəcək və onların inkişafına stimul verəcək. Nəticədə, hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək. Qeyd olundu ki, Prezidentin tapşırığına əsasən, bu müəssisənin məhsulları hesabına yeni zavod və fabriklərin, istehsal sahələrinin yaradılması məqsədilə sahibkarlar arasında geniş təbliğat işləri aparılmalı, iş adamları “SOCAR Polymer”in məhsulları ilə tanış edilməlidir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Polymer” layihəsinin əhəmiyyəti barədə danışaraq, müəssisənin ölkədə digər sənaye sahələrinin inkişafına təkan verəcəyini vurğuladı. Layihənin Azərbaycanda sahibkarlığın inkişafına töhfə olduğunu, özəl şirkətlərin layihəyə cəlb edildiyini diqqətə çatdıran SOCAR prezidenti burada istehsal olunacaq PP və YSPE-nin yerli şirkətlər tərəfindən istehlak mallarına çevrilməsinə yaradacağı imkanlardan bəhs etdi. Qeyd olundu ki, qeyri-neft sənayesinin ən iri və aparıcı müəssisələrindən olacaq “SOCAR Polymer”in məhsulları sahibkarlıq subyektlərinin xammalla təchizatında əhəmiyyətli rol oynayacaq, ölkənin ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək.
“SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov öz təqdimatında həm şirkət barədə, həm də istehsal olunacaq polimerlərin xammal qismində hansı növ malların istehsalı üçün tətbiq oluna biləcəyi barədə ətraflı məlumat verdi. Həmin hazır istehlak mallarının konfrans zalı qarşısında quraşdırılmış nümayiş stendində sərgiləndiyini qeyd edən F.Cəfərov sahibkarları xam polimerlər əsasında yeni istehsalat müəssisələrinin yaradılması istiqamətində əməkdaşlığa dəvət etdi.
Sonra, “SOCAR Polymer”in istehsal edəcəyi məhsullardan istifadə imkanlarına dair müzakirələr aparıldı və sahibkarların sualları cavablandırıldı.
Tədbir çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının yeni 10-cu rezidenti “STDC” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edildi.