SOCAR POLYMER

“SOCAR Polymer” şirkəti Beynəlxalq Xəzər Neft və Qaz sərgisində

Cari ilin may ayının 31-də Bakıda XXIV Beynəlxalq "Xəzər Neft və Qaz- 2017" sərgi və konfransının açılışı oldu. Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan bu beynəlxalq sərgi və konfrans etibarlı işgüzar əlaqələrin yaradılması, vacib kontraktların müzakirə edilməsi və layihələrin uğurla həyata keçirilməsi baxımından əlverişli platformadır. Hər il keçirilən sərgini 10000-dən artıq yerli və xarici mütəxəssis ziyarət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərginin açılışında iştirak etməsi isə tədbirin yüksək statusuna dəlalət edir. Sərgi Azərbaycan Respublikasının Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçirilir.
Bu il də “SOCAR Polymer” ənənəvi olaraq 60 kvadrat metrlik ərazini əhatə edən nəfis tərtibatlı stendi ilə sərgi iştirakçıları arasında öz yerini tutmuşdu. “Bizim ən böyük gücümüz – sadiq və bacarıqlı işçilərimizdir” ifadəsi ekspozisiyamızın əsas ideyası idi və SOCAR Polymer stendinin üzərində şüar olaraq əks olunurdu.
Ayrılmış vaxt və məkan məhdudiyyətini nəzərə alaraq, biz ziyarətçilərə yalnız 11 işçimizi təqdim edə bildik. Buna baxmayaraq, həmin işçilər “SOCAR Polymer” şirkətinin bütün kollektivinin gücünü təmsil edirdi. Şirkətin həmin 11 nümayəndəsi haqqında geniş şaquli ekranlarda 2 dildə lakonik, lakin informativ məlumat blokları yerləşdirilmişdi. 
Bundan əlavə stendimizdə PP və YSPE zavodlarının tikinti sahəsində çəkilmiş və köhnə sovet zavodunun sökülməsini, sahənin təmizlənməsini və yeni zavodların tikinti mərhələlərini əks etdirən “əvvəl və sonra” məzmunlu 10 ədəd fotoşəkil də yerləşdirilmişdi. Geniş ekranda layihəmizə həsr edilmiş 3 dəqiqəlik qısa videoçarx nümayiş etdirilirdi. Zavodların tikintisində dron aparatı vasitəsilə çəkilmiş həmin videogörüntülər vasitəsilə sərginin qonaqları sanki Sumqayıtdakı sahəyə virtual ziyarət edirdilər. Həmin videoçarxı “SOCAR Polymer” şirkətinin “youtube”dakı kanalında bu link vasitəsilə izləmək olar: https://www.youtube.com/watch?v=L03VzcVLJc&feature=youtu.be
Sərginin ikinci günü hər il keçirilən ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Konfransı start götürdü. Konfrans çərçivəsində ekspozisiyalara dair müzakirələr, sənayenin və qlobal iqtisadiyyatın bu sektoruna aid müvafiq mövzular ətrafında fikir və təcrübə mübadiləsi aparıldı.
4 gün davam edən sərgi zamanı şirkətimizin nümayəndələri olaraq stend qarşısında növbə ilə çalışan əməkdaşlarımız qonaqları salamlayır, onların suallarına cavab verir və beləliklə işçilərimizin əməyinə həsr olunmuş ekspozisiyanı öz şəxsi iştirakları ilə zəngişləşdirirdilər.