“SOCAR Polymer”in qurğularında oktyabr ayının sonundan etibarən başlayan və istehsalatda planlı fasilə ilə müşayiət olunan TTXƏT (təftiş, texniki xidmət və əsaslı təmir) işləri tam sürətlə davam edir. TTXƏT işləri çərçivəsində bu günə qədər zavod ərazisində quraşdırılan qurğulara, “ATEX” panellərinə, elektrik avadanlıqlarının qidalandırıcı bölmələrinə texniki baxış keçirilmiş, zavod ərazisinə quraşdırılmış müxtəlif reaktorların və istilikdəyişdirici qurğuların təmizlənməsi həyata keçirilmiş, habelə əsas ekstruder avadanlığında əsaslı təmir işləri uğurla tamamlanmışdır. Hal-hazırda zavodun bir neçə yerindəki qurğularda təmir işləri, boruların yuyulması və sökülmüş avadanlıq hissələrinin yerinə quraşdırılması prosesi davam etməkdədir. Daha əvvəl bu ilin aprel ayında aparılmış genişmiqyaslı təmir işləri ilə birlikdə bu dəfəki TTXƏT prosesi də zavodun qarşıdakı illərdə daha təhlükəsiz, effektiv və davamlı istismarına şərait yaradacaq.