SOCAR POLYMER

Heydər zirvəsinə yürüş

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindəki Şahdağ Milli Parkının ərazisində dəniz səviyyəsindən 3751 m yuxarıda yerləşən Heydər zirvəsinə təşkil olunmuş yürüşdə “SOCAR Polymer” şirkətinin də 11 əməkdaşı müvəffəqiyyətlə iştirak etmişdir.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı ilə keçirilən bu yürüşə şirkətimizin idmansevər əməkdaşları əsaslı surətdə hazırlaşmışdılar. Əməkdaşlarımız güclərini sınamaq və hündürlüyə qalxmanın əsas vərdiş və bacarıqlarına yiyələnmək məqsədilə aprel ayının 9-u və 23-ündə Bakı-Quba yolunun 95-ci kilometrində ucalan Beşbarmaq dağına və Çaraq qayasına sınaq yürüşlər etdilər. Bakı şəhərini mayın 7-də tərk etmiş yürüş qrupumuz Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə Heydər zirvəsi istiqamətinə yönəldi. Xınalıq kəndindən 4 km uzaqda və dəniz səviyyəsindən təxminən 2200 m yuxarıda yerləşən birinci düşərgədən zirvəyə qalxaraq geri dönən yürüşçülərimiz ümumilikdə təxminən 20 km piyada yol qət etdilər. Şahdağ ərazisində qeyri-sabit hava şəraitinə baxmayaraq, qar, yağış, sürüşkən daşlıqlar və buzlar, parlaq günəş şüaları və yorğunluq kimi bir çox maneəni yüksək əhval-ruhiyyə ilə aşan yürüş iştirakçıları kollektiv səylərin gücünü və əhəmiyyətini başa düşdülər. Milli bayrağımızla yanaşı, SOCAR Polymer, SOCAR GPC və Fluor şirkətlərinin bayraqlarını zirvədə ucaldan ürüş iştirakçıları görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini yad etdilər.
“SOCAR Polymer” şirkətinin bu zirvəni fəth edən işçiləri Cavid Cəfərov, Ceyms Çau, Elizabet Lombarts, Elşən Qarayev, Famil Məmmədov, Gi Lombarts, Mansur Atakişiyev, Qabil Mikayılov, Samir Cavadov, Tərlan Bağışov və Xalid Həsənov idi.
May ayının10-da efirə verilmiş AzTV xəbərlər buraxılışı üçün bu yürüş barədə hazırlanmış reportajdaSamir Cavadov, Gi Lombarts və Ceyms Çau jurnalistlərə verdikləri müsahibədə öz təəssüratları barədə danışdılar.
Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənəyə çevrilmişdir. Zirvəni ziyarət etmək istəyən vətəndaşların bu arzusunun rahat həyata keçməsi üçün hər cür şərait yaradılmışdır. Bu il Respublikanın müxtəlif bölgələrindən, eləcə də nazirlik, müəssisə, idarə və təşkilatlardan 600-ə yaxın yerli və xarici, həvəskar və peşəkar idmançı bu aksiyaya qoşulmuşdur. Yürüş iştirakçılarının təlimatlandırılmasına və onların təhlükəsizliyinin təmin edilməsinə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası rəhbərlik edirdi. “SOCAR Polymer” şirkətinə gəlincə, hər həftə səmərəli təşkilati və informativ görüşlər keçirməklə və ortaya çıxan bütün birbaşa və ya dolayı təşkilati və logistik məsələləri həll etməklə işçilərimizin bu tədbirdə iştirakını təmin etmiş əməkdaşlarımız Gi Lombarts, Sabina Hüseynova və Sona Ramazanovaya xüsusi təşəkkürümüzü bildiririk.
Zirvənin həmkarlarımız tərəfindən uğurla fəth edilməsi “SOCAR Polymer” şirkətinin Bakı ofisində qeyd edildi və şirkətin baş direktoru Fərid Cəfərov tədbir iştirakçılarını medallarla təltif etdi.