SOCAR POLYMER

"SOCAR Polymer" şirkətinə yüksək reytinq verilib

"AK&M" reytinq agentliyi Azərbaycanın "SOCAR Polymer" şirkətinin kredit ödəmə qabiliyyətliliyi reytinqini milli şkalada "stabil" proqnozla "A+" səviyyəsində müəyyən etmişdir. Bu reytinq borclunun olduqca yüksək səviyyəli kredit ödəyicisi sinfinə aid olduğunu göstərir və şirkətin öhdəliklərini vaxtında yerinə yetirməməsi riski olduqca azdır.
"SOCAR Polymer" konkret texnoloji layihənin reallaşdırılması üzrə təşkil olunmuş tipik layihə maliyyələşdirilməsi şirkətidir. Bu şirkətə Sumqayıt şəhərinin sənaye zonasında polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının inşası, eləcə də onların sonrakı istismarı tapşırılmışdır. Etilen, propilen və hidrogen istehsalı üçün əsas xammal təchizatçısı kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) çıxış edəcək.
Hazırda layihənin reallaşdırılması istehsal obyektlərinin inşası mərhələsindədir. Layihəyə əsasən, inşaat işləri 2018-ci ildə başa çatdırılacaq və artıq həmin ilin I yarısında "SOCAR Polymer"in ilk məhsulu hazır olacaq.
Şirkətin kredit ödəmə qabiliyyətinin yüksək qiymətləndirilməsi layihənin yüksək gəlirliliyə və maliyyə sabitliyinə malik olması, "SOCAR Polymer"in əsas maliyyə axınlarının balanslaşdırılması ilə bağlıdır. Bundan başqa, Şirkətə müvəqqəti vergi güzəştlərinin tətbiqi, həmçinin SOCAR-ın onun nizamnamə kapitalında və ümumilikdə layihədə iştirak etməsi "SOCAR Polymer"ə "A+" reytinqinin verilməsinə səbəb olub.
Polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının tikintisi və istismara verilməsi layihəsi, istehsal olunacaq məhsullar yüksək gəlirlilik vəd edir. 
Layihə üzrə daxili gəlirliliyin maksimal həddi (Internal Rate of Return) 17,9% təşkil edir ki, bu da qoyulmuş vəsaitin 6 il ərzində geri qaytarılmasına imkan verir. Bu, 20 ildən artıq istismar müddəti nəzərdə tutulmuş zavodlar üçün kifayət qədər yüksək göstəricidir.
"SOCAR Polymer"in reytinqinin yüksək qiymətləndirilməsində əhəmiyyətli rolu layihə üzrə pul axınlarının balanslaşdırılması, çəkilmiş xərclərə görə gəlirlərin artması və maliyyə sabitliyidir. 
"SOCAR Polymer"in maliyyə axınlarının balanslaşdırılması və yüksək maliyyə sabitliyinə malik olması Şirkətin cəlb etdiyi kreditlərə və aldığı borclara problemsiz xidmət göstərmək üçün kifayət qədər geniş imkanlara malik olduğunu göstərir. Belə ki, layihə üzrə borcların bağlanması üçün orta illik əmsal 7,4 təşkil edir. Faizlərin ödənilməsi üçün minimal əmsalın 2018-ci ildə 1,4 olacağı, 2024-cü ilədək isə sürətlə artaraq 24,2-yə çatacağı gözlənilir.
Bu şərtlərlə borc yükünün dinamikası pozitiv xarakter daşıyır. Əgər 2018-ci ildə borc yükü əmsalı kifayət qədər yüksək olsa, 2019-cu ildə bu, 2,7-yə, 2020-ci ildə 1,7-yə qədər və s. olmaqla azalacaq.
Bundan başqa, "SOCAR Polymer"ə 2020-ci ilə qədər (ümumilikdə 7 illik müddətə) vergi güzəştlərinin verilməsi də böyük əhəmiyyət kəsb edir. Şirkətin bu müddətdə mənfəət, əmlak, torpaq vergilərindən, eləcə də texnoloji avadanlıqların idxalı üçün gömrük rüsumlarından azad edilməsi çox əhəmiyyətlidir. Vergi güzəştləri layihənin reallaşdırılması üçün əlavə maliyyə imkanları yaradır.
AK&M Reytinq Agentliyinin fikrincə, Layihənin sabit şəkildə və uğurla reallaşdırılmasını təmin edən daha bir amil isə SOCAR-ın burada iştirak etməsidir. "SOCAR Polymer"in nizamnamə kapitalında SOCAR-ın payı 51%-dir. Bundan başqa, SOCAR törəməsinin istehsal edəcəyi məhsullar üçün əsas xammal təchizatçısı olacaq. Həmçinin, tərəflər arasında razılaşdırılıb ki, "SOCAR Polymer"in bütün məhsulları SOCAR-ın ticarət müəssisələri vasitəsilə realizə edilsin. Və nəhayət, layihənin gələcəkdə reallaşdırılması zamanı yarana biləcək mümkün maliyyə boşluğunun doldurulması üçün SOCAR-ın "SOCAR Polymer"in nizamnamə kapitalına töhfə verməsi də nəzərdə tutulub.
"SOCAR Polymer"in kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı narahatlıq doğuran məqamlar isə aşağıdakılardır: uzunmüddətli perspektivdə, o cümlədən davam edən iqtisadi böhran şəraitində SOCAR Polymer məhsullarına tələbatın və onların qiymətinin proqnozlaşdırılmasının çətinliyi; layihənin icra prosesinin hələ erkən tikinti mərhələsində olması (istehsalat müəssisələrinin hələ istismara verilməməsi); və layihənin əvvəlində Şirkətin üzərində olan ağır borc yükünün olması. 2018-ci ilə qədər kredit və borclara görə ümumi borc məbləği SOCAR Polymer MMC-nin səhm kapitalından təqribən iki dəfə çox olacaq. Layihənin istismarının birinci ilində xalis borcun EBITDA nisbəti 7,4-ə çatacaq.
Qeyd edək ki, layihənin əməliyyat fazası 2018-ci ildə başlanacaq və 2037-ci ildə başa çatacaq. Davam edən iqtisadi böhran şəraitində "SOCAR Polymer"in məhsullarına tələbatı və onların neçəyə satılacağını proqnozlaşdırmaq çətindir. Bu, məhsulların istehsal həcmi və əldə olunacaq mənfəətlə bağlı müəyyən risklər yaradır və gələcəkdə kredit ödəmə qabiliyyətliliyinə təsir edə bilər.

Qarşıdan gələn 12 ay müddəti ərzində, istehsal obyektlərinin tikintisi SOCAR Polymer MMC-nin əsas fəaliyyət sahəsi olaraq qalacaq. AK&M reytinq agentliyinin fikrincə, reytinq proqnozuna təsir edə biləcək tamamilə yeni risklər ortaya çıxmayacaq. Vəziyyət yalnız 2018-ci ilin ikinci rübündə əsaslı dəyişəcək ki, bu zamanda istehsal obyektləri istismara veriləcək və reytinq proqnozuna təsir edə biləcək yeni amillər (istehsal prosesi və məhsulların marketinqi ilə əlaqədar) ortaya çıxacaq. Yuxarıda qeyd edilənlər Agentliyin SOCAR Polymer MMC-nin kredit reytinqini “stabil” olaraq təsdiq etməsinə imkan yaradır.