SOCAR POLYMER

BANM tələbələri üçün “SOCAR Polymer” layihəsinin təqdimatı keçirilib

Bakı Ali Neft Məktəbi (BANM) və “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq haqqında razılaşma imzalanmışdır.
“SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Fərid Cəfərov
yaradılan əməkdaşlığın BANM-də “Kimya mühəndisliyi” ixtisası üzrə müasir tədris proqramı əsasında mühəndis kadrların hazırlanmasına, “Kimya mühəndisliyi” ixtisası üzrə tədris və tədqiqat mərkəzinin yaradılmasına və digər istiqamətlərdə birgə işlərin həyata keçirilməsinə imkanlar yaradacağını bildirmişdir. Sonra F.Cəfərov “SOCAR Polymer” tikinti layihəsi haqqında məlumat vermişdir. Cəmiyyətin müxtəlif sahələrində çalışan əməkdaşların layihə haqqında geniş təqdimatlarından sonra tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda BANM və “SOCAR Polymer” MMC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Razılaşmaya əsasən, tərəflər arasında Cəmiyyətin aparıcı mütəxəssislərinin BANM-də mütəxəssis hazırlığı proqramları çərçivəsində tədrisə müəllim kimi cəlb olunması, tələbələrin Cəmiyyətin tabeliyində olan obyektlərə səfərlərinin təşkili və strukturlarında istehsalat təcrübəsi keçməsi, kimya texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş seminarların və konfransların birgə təşkili və digər məsələlər barədə razılıq əldə olunub.