SOCAR POLYMER

Təcrübə Proqramına müsabiqənin iki mərhələsi yekunlaşdı

2021-ci il Yay Təcrübə Proqramına ərizələrin qəbulu aprelin 23-ündə elan olundu və ərizələrin təqdim edilməsi üçün son tarix 16 may qeyd edildi.

 

Son müraciət tarixinədək ümumi olaraq 1565 nəfər onlayn ərizə ilə müraciət etdi. Müraciət edənlər arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti kimi yerli tədris müəssisələrinin, habelə Turin Politexnik Universiteti (Poltecnico di Torino), Debrecen Universiteti, Budapeşt Texnologiya və İqitsadiyyat Universiteti (BME), Yıldız Texniki Universiteti, İstanbul Texniki Universiteti kimi xarici təhsil ocaqlarının tələbələri var idi.

Tələbələr arasında ən böyük maraq mühəndis-texnoloq vəzifəsinə oldu. Belə ki, bu ixtisas üzrə 230 nəfər ərizə təqdim etmişdi. Tələbələrin digər maraq göstərdiyi sahələr isə 135 ərizə ilə mexanika mühəndisliyi və 129 ərizə ilə SƏTƏM idi. Tələbələrin ilk olaraq elan olunan təhsil ili meyarına cavab vermələri, daha sonra isə ixtisaslarının müraciət etdikləri təcrübə profilinə uyğunluğu və inşaları yoxlanıldı.

 

Müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanmış 280 namizəddən yalnız 210-u 29 iyun-1 iyul tarixlərində keçirilmiş ingilis dili imtahanında iştirak etdi. Bakı Ali Neft Məktəbinin 87 tələbəsi, 10 xarici universitetin tələbəsi və IELTS/TOEFL sertifikatına sahib olan 37 tələbə bu seçim mərhələsindən azad edilmişdi. Uğurlu nəticə göstərən tələbələr daha sonra e-poçt vasitəsilə məntiqi təfəkkür imtahanına dəvət ediləcəklər. Yekun mərhələ müsahibə olacaq.

“SOCAR Polymer” şirkəti 2016-cı ildən bəri yalnız 2020-ci il istisna olmaqla hər il yay təcrübəsi təşkil etmişdir. Təcrübəçilərin bir qismi daimi iş təklifi alaraq “SOCAR Polymer” şirkətində müxtəlif vəzifələrdə karyeralarına davam edirlər.