SOCAR POLYMER

SOCAR Polymer – Azərbaycanın 50 ən çox tanınan şirkəti arasında 16-cıdır

“Caspian Energy Club”ın 2021-ci ildə təşkil etdiyi “Brand Awards Azerbaijan” müsabiqəsində anonim onlayn səsvermə əsasında 200-dən çox yerli brend arasında “SOCAR Polymer” şirkəti 16-cı yeri tutdu. Səsvermə 26 aprel-23 may tarixləri arasında baş tutdu və həm ölkə daxili, həm də ölkə xaricində yaşayan seçicilərin səsləri əsasında qaliblər müəyyənləşdi.

Müsabiqədə qalib gələn 50 brenddən biri kimi “SOCAR Polymer” şirkəti ilin sonunda təşkil olunacaq “Brand Awards International” müsabiqəsində iştirak etməklə Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı qazandı.

“SOCAR Polymer”, həqiqətən də, qısa zamanda kifayət qədər əhəmiyyətli nailiyyətlər əldə etmişdir. 2013-cü ildə qurulduqdan sonra 5 il ərzində şirkət iki polimer zavodu tikib istifadəyə verdi. Çox keçmədən 2018-ci ilin oktyabrında “Made in Azerbaijan” markalı polipropilenin ilk partiyası Türkiyəyə ixrac edildi və 2020-ci ilin əvvəlində artıq şirkət bazar tələbinin 40-60%-ni təmin edərək Rusiya Federasiyasına ən böyük homopolimer ixracatçısı oldu. Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin aylıq “İxracat icmalı”nda dərc etdiyi 2021-ci ilin yanvar-aprel ayları məlumatlarına görə 67,2 milyon ABŞ dolları ixrac gəliri olan “SOCAR Polymer” şirkəti bu nəticə ilə yerli qeyri-neft ixracatçıları arasında liderdir.