SOCAR POLYMER

Polipropilen zavodunun açılış mərasimi Azərbaycan respublikasının prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə keçirildi

2018-ci il  iyulun 18-də “SOCAR Polymer” şirkəti Sumqayıtda inşa edilmiş yeni Polipropilen zavodunun açılışını təntənəli surətdə qeyd etdi. Zavodun açılışını Prezident İlham Əliyev həyata keçirdi. Açılış mərasimində dövlət rəsmiləri, diplomatik korpusun və işgüzar dairələrin nümayəndələri, habelə “SOCAR Polymer” Layihəsinə maliyyə, intellektual, maddi və məşvərət dəstəyi göstərmiş tərəfdaş şirkətlər iştirak etdilər. 

“SOCAR Polymer” Layihəsini başlanğıc mərhələdən dəstəkləyən Prezident İlham Əliyev Azərbaycanda ilk dəfə olaraq polipropilen istehsal etməklə Respublikada polipropilen idxalını əvəzləyəcək və ixrac potensialını artıracaq bu zavodun istismara verilməsi münasibəti ilə “SOCAR Polymer” şirkətini, Layihə iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik etdi.

Öz çıxışında Prezident İlham Əliyev qonaqları salamladı və bütün tədbir iştirakçılarını tikintinin başa çatması və istehsalın başlanması münasibəti ilə təbrik etdi. Prezident İlham Əliyev dedi: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Sumqayıtda yeni böyük sənaye müəssisəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. 2015-ci ildə, - mən o günü yaxşı xatırlayıram, - zavodun təməli qoyulub və qısa müddət ərzində nəhəng sənaye müəssisəsi yaradılıb. Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməmişdir. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilmişdir - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir”.

İtaliya və Azərbaycan şirkətləri arasındakı uğurlu əməkdaşlığın bu parlaq nəticəsini təntənəli surətdə qeyd etmək məqsədi ilə Polipropilen zavodunun açılış mərasimində Respublikamızın fəxri qonağı olan İtaliya Prezidenti Sercio Mattarella da iştirak etmişdir. Prezidenti Sercio Mattarella dedi: “Biz bu gün bu zavodun nə dərəcədə yüksək texnologiyaya malik olduğunu görürük. Təbiidir, biz burada görürük ki, texniki imkanlarından əlavə müəssisənin infrastruktur kimi dizaynı da çox gözəldir. Bu, çox əhəmiyyətli bir layihədir. Çünki ölkənin sənaye imkanlarını yüksək əlavə dəyər baxımından möhkəmləndirir. Həmçinin təbii ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın nə dərəcədə yüksək potensiala malik olduğunu bir daha göstərir”.

Açılış mərasiminin yüksək səviyyəli qonaqları arasında “Gazprombank”ın İdarə Heyətinin Sədri cənab Andrey Akimov, “Maire Tecnimont” şirkətinin Prezidenti cənab Fabrisio di Amato, “Fluor” şirkətinin Vitse-prezidenti cənab Van Heyningen, “Ustay” şirkətinin Baş Meneceri Murat Ustay, habelə Vitol və Respublikanın üç ən böyük holdinqi olan Paşa, Gilan və Azərsun Holdinqin nümayəndələri  də var idi.

Dəyəri təqribən 800 milyon ABŞ dolları təşkil edən “SOCAR Polymer” Layihəsinin maliyyələşdirilməsinin 60%-i “Gazprombank”dan əldə edilmiş kredit hesabına, qalan 40%-i isə müvafiq olaraq SOCAR, Vitol, və Respublikanın üç ən böyük holdinqi olan Pasha, Gilan və Azərsun Holdinqin investisiyaları hesabına təmin edilmişdir. “Maire Tecnimont” şirkəti tərəfindən həyata keçirilmiş mühəndis-layihələndirmə, maddi-texniki təminat və tikinti işləri “Fluor” şirkətinin (Niderland) rəhbərlik etdiyi Vahid Layihə İdarəetmə Qrupunun ciddi nəzarəti altında aparılmışdır.

Mərasimdə çıxış edənlər arasında SOCAR-ın Prezidenti Rövnəq Abdullayev və “Maire Tecnimont” şirkətinin Prezidenti Fabritsio di Amato da var idi. SOCAR-ın Prezidenti Rövnəq Abdullayev dedi: “SOCAR Polymer” layihəsinin başlanğıcından işlərin gedişini diqqət mərkəzində saxlamış, dəyərli tövsiyələri ilə bizə daim dəstək vermiş möhtərəm Prezidentimiz cənab İlham Əliyevə məruzə etmək istəyirəm: Cənab Prezident, verdiyiniz tapşırıqlar vaxtında, ətraf mühit və təhlükəsizlik standartlarına tam əməl olunmaqla və yüksək keyfiyyətlə yerinə yetirilib... Mən bu gün italiyalı tərəfdaşımıza - layihənin baş podratçısı olan “Maire Tecnimont” şirkətinə, sahə podratçısı olan Türkiyənin “Ustay” şirkətinə, Niderlandın “Fluor” şirkətinə layihənin idarə edilməsində bizə dəstək verdiklərinə görə xüsusi təşəkkür etmək istəyirəm”.

İtaliyanın “Maire Tecnimont” şirkətinin Prezidenti Fabritsio di Amato dedi: “SOCAR bizim şirkətin ən önəmli tərəfdaşlarından biridir. “SOCAR Polymer” isə şirkətimiz üçün uzunmüddətli əməkdaşlıqda əvəzolunmaz tərəfdaşdır. Biz şirkətimizin imkanları və texnologiyası hesabına Azərbaycanın sənaye sahəsinin inkişafına verdiyimiz töhfədən dərin məmnunluq hissi duyuruq…  Bu zavodun tikintisində istifadə olunan texnologiyalar İtaliyanın ən müasir texnologiyalarına aid edilir… Bu layihə, bizim fikrimizcə, Azərbaycan hökuməti və eləcə də cəmiyyəti üçün mühüm mexanizmlərdən birini təşkil edir”.

Sonra mərasim qonaqlarına “SOCAR Polymer” şirkətinin fəaliyyəti və burada həyata keçirilən layihələrdən bəhs edən qısa film nümayiş edildi. Həmin video-çarxda şirkətin fəaliyyəti, onun  yüksək səviyyədə təşkil edilmiş kollektivi, əldə etdiyi nailiyyətlər, daxil inkişaf siyasəti və istər neft-kimya sahəsində, istərsə də Azərbaycan xalqının mənafeyinə qulluq edən sosial, maarifləndirici və ictimai təşəbbüslər sahəsindəki fəaliyyətləri haqqında qısa məlumat verildi. Giriş hissəsi başa çatdıqdan sonra fəxri qonaqlar təntənəli açılış mərasiminə başladılar. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella “start” düyməsini basaraq zavodu işə saldılar. İşə salma mərasimindən sonra Prezident İ.Əliyev zavodun əsas bölmələri və qurğuları ilə tanış olmaq məqsədi ilə ərazidə gəzintiyə çıxdı. Zavodla tanışlıq gəzintisi zamanı Prezidenti müşayiət edən “SOCAR Polymer”in Baş Direktoru Fərid Cəfərov texnoloji proses, layihə parametrləri və zavod tam gücünə çatana qədər burada təşkil olunacaq ilkin istehsal haqqında məlumat verdi. Bu unudulmaz gün milli sənayemizin tarixində “polipropilen” mərhələsinin gözəl bir başlanğıcı oldu.