SOCAR POLYMER

“SOCAR Polymer” – “Caspian Downstream” Forumunun strateji tərəfdaşi qismində

23-26 aprel tarixləri arasında Bakıdakı “Boulevard Hotel” mehmanxanasında keçirilmiş “Xəzər və Mərkəzi Asiya. Ticarət, logistika, neftin emalı, neft-kimya” adlı beynəlxalq forumda 30 ölkədən gəlmiş 250 nümayəndə iştirak edirdi. Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Ukrayna, İran və Rusiyadan 45 natiq çıxış etdi. Bu ilki tədbirdə həm də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü qeyd edildi. 

Bu regional görüş neft-qaz sektoruna aid aktual, etibarlı və birbaşa mənbədən alınan yeniliklərə olan ehtiyacın qarşılanması, habelə mövcud analitik materialların və məlumatların müvafiq müəssisələr, tənzimləyici təşkilatlar və sektorun aparıcı mütəxəssisləri ilə paylaşması üçün nəzərdə tutulmuşdu. 2016-cı ildə bu Forumun keçiriləcəyi yer Bakı Ali Neft Məktəbinin və Britaniyanın neft sektorunda analoji tədbirlər təşkil edən “Confidence Capital Group”un dəstəyi ilə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən müəyyən edilmişdi. O vaxtdan bəri vüsət alan bu təşəbbüsə qoşulmuş beynəlxalq iştirakçıların sayı 2017-ci illə müqayisədə 2018-ci ildə təqribən iki dəfə artmışdır. “SOCAR Polymer” şirkəti də bu tədbirə dəstək verən strateji tərəfdaşlardan birinə çevrilmişdir.

Bu ilki Forum dörd sessiyaya bölünmüşdü. Həmin sessiyalarda regiondakı neft emalı imkanlarının icmalı, neftayırma müəssisələrinin keçdiyi və ya gələcəkdə keçirilməsi planlaşdırılan modernləşdirmə işləri, həmin müəssisələrin müvəqqəti dayandırılmasının regional bazarlara göstərəcəyi təsirlər, xammal mənbələri və regional qaz layihələri üçün marşrutlar,  boru kəmərlərinin imkanları və infrastrukturu, dəniz limanları və dəmiryolu daşımaları, tarasız neft-kimya istehsalının imkanlarının artırılması və dünya neft-kimya qiymətlərindəki tendensiyalar, habelə istehsalın və idarə etmənin effektivliyinin artırılması və yeni İT texnologiyalarının artan ehtiyaclara uyğunlaşdırılması məsələləri müzakirə edilirdi. Logistika ilə bağlı məsələlər Forumun gündəliyinə ilk dəfə daxil edilmişdi.

Nəhəng GPC layihəsi haqqında aktual məlumatlarla yanaşı Forum iştirakçılarının diqqətinə Azərbaycanda işlənib hazırlanan neft-kimya layihələrinin gedişi barədə informasiya da çatdırıldı.  Azərbaycanın adından çıxış edən yüksək vəzifəli natiqlər arasında Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Karbamid zavodunun direktoru Xəyal Cəfərov, Azərikimya İB-nin İcraçı direktorunun müavini Orxan Cəfərov və SOCAR-ın Metanol zavodunun Direktoru Elnur Mustafayev də var idi.

 “SOCAR Polymer”in keçən ilki fəaliyyəti haqqında danışarkən Baş direktorun müavini Fuad Əhmədov şirkətin Sumqayıtdakı Polipropilen və Yüksək sıxlıqlı polietilen zavodlarının tikintisi və istismara verilmə işlərinin gedişi barədə məruzə etdi. “İşçi layihələri və maddi-texniki təminat işləri 100% yerinə yetirilmiş, tikinti işləri isə 98,1% başa çatdırılmışdır. Aprelin əvvəlinə olan vəziyyətə görə, Polipropilen zavodunda işlərin ümumi irəliləyişi 99,2% təşkil etmişdir. Zavod bu ilin iyun ayında istismara veriləcək”. F.Əhmədov həm də qeyd etdi ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri üçün təmin edilmiş vergilərdən azad edilmələr, infrastruktur dəstəyi və digər imtiyazlar “SOCAR Polymer” şirkətinə 100 milyon ABŞ dolları həcmində vəsaitə qənaət etməyə imkan vermişdir. Baş direktorun müavini həmçinin “SOCAR Polymer” layihəsinin milli iqtisadiyyatımıza və Azərbaycan xalqına gətirəcəyi faydalar haqqında danışdı.

Üç günlük intensiv məlumat mübadiləsi ilə yadda qalan Forum başa çatdıqdan sonra nümayəndələr H.Əliyev adına Bakı neftayırma zavodunu və Sumqayıt Kimya Sənaye Parkında inşa edilən neft-kimya zavodlarını ziyarət etdilər.