SOCAR POLYMER

SOCAR Polymer və Azərikimya İB 1918-ci ilin soyqırım qurbanlarını yad etdilər

31 mart tarixində, Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar olaraq, SOCAR Polymer şirkətinin nümayəndələri Azərikimya İB-nin kollektivi və Sumqayıt şəhər ictimaiyyəti – elm, mədəniyyət və təhsil işçiləri, müəssisə rəhbərləri, ictimai təşkilatların və respublika mətbuatının nümayəndələri ilə bərabər xalqımızın ən ağrılı-acılı və dəhşətli günlərindən birinin inkaredilməz sübutu olan Quba soyqırımı məzarlığını ziyarət etmişlər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, Azər Badamov və Eldəniz Səlimovun da iştirak etdiyi səfər zamanı kimyaçılar və şəhər ictimaiyyətinin nümayəndələri öncə Quba soyqırım məzarlığını ziyarət edərək, 1918-ci ildə burada erməni vandalları və qaçaq-quldur dəstələri tərəfindən amansızlıqla qətlə yetirilən həmvətənlilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, abidə-kompleksin önünə kimyaçılar və Sumqayıt sakinləri adından əklillər qoymuş, gül dəstələri düzmüşlər. Soyqırım qurbanlarının ruhlarına dualar oxunmuşdur.

Daha sonra kollektiv Qusar şəhərinə gələrək, 1918-ci ildə «Qanlı dərə» adlanan yerdə erməni-daşnak qoşunlarına qarşı qəhrəmanlıqla döyüşərək, düşmənin böyük canlı qüvvəsini məhv etmiş Quba və Qusar qəhrəmanlarının şərəfinə ucaldılmış monumental abidəni ziyarət etmiş, önünə əklil və gül dəstələri qoymuşlar.