SOCAR POLYMER

“Məktəbliləri ruhlandıraq” adlı pilot layihəsinin ilk mərhələsi başa çatdı

“SOCAR Polymer” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsi “Məktəbliləri ruhlandıraq” adlı layihənin ilk sınaq mərhələsi çərçivəsində əldə edilmiş nəticələrə yekun vurdu və onları qarşıda qoyulmuş hədəflərlə müqayisədə qiymətləndirildi. Layihənin məqsədi kimya dərslərində aldıqları biliklərin praktikada istifadə edilməsi haqqında məlumat verməkdən, kimya elminin maraqlı tərəflərini açmaqdan və, ən başlıcası, gənc nəsli kimya sənayesi yüksəlişdə olan Azərbaycanımızda kimya ilə bağlı peşələrə maraq göstərməyə və seçməyə çağırmaqdan ibarət idi. Bundan da əlavə, məktəblilər kimya sənayesi sahəsində fəaliyyət göstərən “SOCAR Polymer” şirkəti ilə tanış olmaq və konkret olaraq polimerlər haqqında yeni məlumat almaq fürsətini əldə etdilər.

Bakı Təhsil İdarəsinin dəstəyi ilə keçirilmiş bu sosial-maarifləndirici layihə, beləliklə, Bakı şəhərinin Binəqədi, Qaradağ və Yasamal rayonlarında yerləşən 244, 253, 273 və 53 saylı dövlət orta məktəblərini və özəl Azərbaycan Britaniya Kollecini əhatə etmişdir. Bu təhsil müəssisələrinin binalarında məktəblilərlə keçirilmiş görüşlərdən 150-dən çox şagird bəhrələnərək gündəlik həyatda, ətrafımızda və insan orqanizmində hər an kimya proseslərinin baş verdiyini, kimya elminin imkanlarının olduqca geniş olduğunu və bu sənayenin müasir həyatda vacib rol oynadığını dərk etdilər. Məsələn, uşaqlar polimerlərin gülləkeçirməz jiletlərdə belə istifadə edilmək üçün kifayət qədər möhkəm olduğunu, və ətrafımızdakı bir çox əşyanın təbii və ya sintetik polimerlərdən hazırlanmış olduğunu öyrəndilər.

Məktəblilərə daha güclü təsir bağışlamaq üçün görüşləri gənc əməkdaşlarımız Sevinc Qafarlı və Nizam Zahidli keçirirdilər. Yüksək imtahan nəticəsi ilə universitetə qəbul olunmuş və SOCAR Polymer şirkətinin keçirdiyi Yay Təcrübə proqramının finalçıları qismində 21 yaşında “SOCAR Polymer” şirkətinə kiçik mühəndis-texnoloq vəzifəsinə qəbul olunmuş bu gənclər məktəblilər üçün yaxşı nümunə olmuşdurlar.

“Məktəbliləri ruhlandıraq” layihəsi Prezident İlham Əliyevin 26 dekabr 2014-cü ildə imzaladığı “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunmuş “İnsan resurslarının yaxşılaşdırılması və elmin inkişafı” (Maddə 5.4) və “Təhsil müəssisələrində kadrların inkişafı proseslərinin iş bazarının tələblərinə uyğunlaşdırılması” (Maddə 5.4.5) kimi məqsədlər istiqamətində yaradılaraq icra olunmuşdur.