SOCAR POLYMER

“SOCAR Polymer” potensial sifarişçi şirkətlərlə danışıqlarda

Fevralın 6-da Nazirliyin nəzdində fəaliyyət göstərən İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və “SOCAR Polymer” MMC-nin birgə təşkilatçılığı ilə “Sənayedə yerli xammala əsaslanmaqla idxalı əvəz edən istehsalın genişlənməsi” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə təşkil edilmiş həmin tədbirdə sahibkarlar, mütəxəssislər, habelə dövlət və elmi-tədqiqat qurumlarının nümayəndələri iştirak etdilər.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sənayenin modernləşdirilməsi və qeyri-neft sektorunun şaxələndirilməsi ilə bağlı sistemli tədbirlərin uğurla həyata keçirilməsini qeyd etdi. Eyni zamanda, nazir müavini yerli istehsalın dəstəklənməsi məqsədi ilə yerli xammaldan səmərəli istifadənin əhəmiyyətini vurğuladı. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “SOCAR Polymer”in zavodlarında istehsal ediləcək məhsulların gələcək satışı haqqında potensial sifarişçilərlə müvafiq danışıqların aparıldığını bildirərək dedi: “15 şirkətlə danışıqlar aparılır və güman edilir ki, bu rəqəm gələcəkdə daha da artacaq. Nəticə etibarı ilə, polimerlərə olan tələb 50000 tona çatmışdır”. 

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Parkın fəaliyyəti barədə məruzə etdi.

Bakı Dövlət Universitetin Fizika Problemləri İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov ali təhsil müəssisələri ilə sənaye şirkətləri arasında əməkdaşlıq imkanları barədə təqdimatla çıxış etdi.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Vilayət Vəliyev “SOCAR Polymer” MMC-nin ətrafında sənaye klasterlərinin yaradılması məsələlərinə həsr olunmuş təqdimat etdi. 

“SOCAR Polymer” MMC-nin Planlaşdırma və əmək göstəriciləri üzrə meneceri Vüqar Aslanov xammalın əhəmiyyəti və istifadə perspektivləri barədə təqdimatla çıxış etdi. O, “SOCAR Polymer”in Sumqayıtdakı PP və YSPE zavodlarında 2018-ci ilin iyun-dekabr ayları ərzində aparılmış inşaat işlərinin vəziyyəti barədə və PP və YSPE sortlarından istehsal oluna bilən məhsullar haqqında iştirakçılara məlumat verdi. 

Tədbirin sonunda konfrans iştirakçıları sahibkarların verdikləri sualları və qaldırdıqları məsələləri müzakirə etdilər. Belə ki, sahibkarlar konkret olaraq PP və YSPE sortlarından xammal kimi istifadə edərək məhsul istehsal etmək üçün tələb olunan texnologiyalar barədə suallar verdilər. Suala cavab olaraq V.Aslanov bildirdi ki, “SOCAR Polymer” şirkəti müxtəlif polimer sortlarından məhsul istehsalının təfsilatları və biznesin inkişafı üçün alternativ əlavə imkanlar daxil olmaqla sahibkarlara müəyyən məsələlər üzrə texnoloji baxımdan dəstək və məsləhət verməyə və bu prosesə öz mühəndislərini cəlb etməyə hazırdır. Bundan əlavə, zavodların işə salınması tarixi və “SOCAR Polymer”in bu il istehsal edəcəyi polimer sortları barədə, habelə bir sıra digər sual verildi və cavablandırıldı.

Konfrans “SOCAR Polymer”lə sahibkarlar arasında əlaqənin və qarşılıqlı anlaşmanın yaranması baxımından məhsuldar və səmərəli keçdi.