SOCAR POLYMER

Avstriyadan gələn nümayəndə heyəti “SOCAR Polymer” zavodunu ziyarət etdi

21 fevral 2018-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yerləşən “SOCAR Polymer” zavodu Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin Baş Katibi Andreas Reyhardtın başçılıq etdiyi Avstriya nümayəndə heyətini qəbul etdi. Nümayəndə heyətinə həmçinin nazirliyin əməkdaşları Verner Müller və Markus Ulman, Avstriya Parlamentinin turizm və ətraf mühit komitələrinin sədrləri, yüksək texnologiyalar və nəqliyyat sahələrinin təmsil edən rəsmi şəxslər, habelə Avstriyanın sənaye və kommersiya şirkətlərinin rəhbərləri də daxil idi. Ziyarət zamanı nümayəndə heyətini AR İqtisad Nazirinin müavini Niyazi Səfərov və SKSP MMC-nin Direktoru Nazim Talıbov, Departament müdiri Elxan Şiriyev, Biznesə dəstək sektorunun mütəxəssisi Ayişə Ömərova və İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rəşad Mehdiyev müşayiət edirdilər.

Sahəyə çatqıdan sonra qonaqlar vizual tanışlıq məqsədi ilə zavodun ətrafında avtobusda dövrə vurdular. “VIP” zalında qonaqları “SOCAR Polymer” şirkətinin Baş Maliyyə Direktoru Fuad Əhmədov, Maliyyə Direktoru Rauf Quliyev və İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi İlahə Hacıyeva qarşıladı. Cənab Əhmədov qonaqlara “SOCAR Polymer” şirkətinin tarixçəsi, məqsədləri və fəaliyyət göstəriciləri haqqında ətraflı təqdimat etdi. 

Cavab sözündə Andreas Reyhardt Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini yaxından izlədiyini qeyd etdi və iki tərəfli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğuladı. Baş Katib həmçinin öz ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə etdi. Ölkəmizdə yaradılmış sənaye zonalarının əhəmiyyətini qeyd edən Andreas Reyhardt vurğuladı ki, Azərbaycan və Avstriya bu istiqamətdə uğurla əməkdaşlıq edə bilər. Bununla əlaqədar, Avstriya zəruri texnika və maşın-mexanizmlər, müvafiq təlim və texniki xidmət, habelə texnologiyaların ötürülməsini təklif və təmin edə bilər. 

Sonra görüş iştirakçıları ölkələrimizin sənaye sektorları arasında potensial əməkdaşlıq imkanlarını müzakirə etdilər. Öz növbəsində, cənab N.Səfərov vurğuladı ki, fəaliyyət göstərdikləri bazarları diversifikasiya etmək və milli məhsulların dəyərini artırmaq üçün Azərbaycan şirkətləri təkcə ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə əməkdaşlıq etməyə hazırdır.

Bir saat davam edən görüşün nəticələrindən razı qalan qonaqlar SKSP-nin ərazisində yerləşən başqa sənaye obyektlərini də ziyarət etməyə getdilər.