SOCAR POLYMER

Niderland səfiri “SOCAR Polymer” zavodunu ziyarət etdi

23 yanvar 2018-ci il tarixində Niderland Krallığının səfiri Onno Kervers özünün ticarət məsələləri üzrə Böyük müşaviri Günel Mahmudovanın müşayiəti ilə “SOCAR Polymer” layihəsinin tikinti meydançaşını ziyarət etdi. Qonaqları (PMC rolunu icra edən) “Fluor” şirkətinin nümayəndəsi və Layihə meneceri Gi Lombarts, Baş tikinti meneceri Con Ərrousmit və “SOCAR Polymer”in ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi İlahə Hacıyeva qarşıladılar.

Qonaqlar iki ölkənin neft-kimya sektorları arasında potensial əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Cənab Lombarts “Fluor” şirkətinin layihədə oynadığı rol haqqında məlumat verdi, “SOCAR Polymer” şirkətinin hazırkı və gələcək iddialı layihələrini təsvir edən iki qısa video-təqdimatı göstərdi və bu günə qədər əldə edilmiş nailiyyətlər barədə danışdı. Cənab Ərrousmit “SOCAR Polymer”in Sumqayıtdakı sənaye meydançasında gedən tikinti işlərinin hazırkı vəziyyəti haqqında məlumat verdi və operatorların təlimləri, təcrübə proqramları, ingilis dili kursları və s. daxil olmaqla ümumiyyətlə yerli kadrların fasiləsiz inkişafı üçün şirkətdə əməl edilən əsas prinsipləri vurğuladı. Keçmişdə Rumıniya, Slovakiya, Polşa, Rusiya və digər ölkələrdə işləmiş C.Ərrosmit müsbət cəhət olaraq qeyd etdi ki, təhsil baxımından Azərbaycan onun əvvəllər işlədiyi digər post-Sovet dövlətlərindən harada isə 25 il irəlidədir.

Maraqlı və canlı müzakirədən sonra görüş iştirakçıları FQV-ləri taxdılar və əlverişli hava şəraitindən istifadə edərək zavodla tanışlıq üçün sahəni gəzdilər.