SOCAR POLYMER

Azərbaycanın ilk sənaye klasteri SOCAR Polymer zavodları ətrafında yaradılacaq

“Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın.”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanda sənayeləşdirmə siyasətinin uğurla həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Sənayeləşmə iqtisadiyyatda sənayenin xüsusi çəkisinin artırılması yolu ilə yeni mərhələyə sürətli sosial-iqtisadi keçid prosesidir. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişdirir. Bunu dünyada sənaye inqilabının baş verdiyi ilk ölkə olan İngiltərənin timsalında da aydın görmək olar.

Sənaye sahələrinin inkişafının davamlı və kompleks təşkilində geniş tətbiq olunan müxtəlif iqtisadi mexanizmlərdən biri də klasterdir. Klaster – eyni və ya oxşar sənaye sahələrində fəaliyyət göstərən,  komplekslilik prinsipi əsasında əlaqəli fəaliyyət prinsiplərinə söykənən sahibkarlıq subyektlərindən ibarət səmərəli sistemdir. Klaster bir-biri ilə əlaqəli olan və ya bir-birini tamamlayan proseslərin tsikl şəklində müəyyənləşdirildiyi bir ərazidə formalaşır: infrastruktur şəbəkəsi qurulur; texnoloji resurslardan, ümumi bazar prinsiplərindən, işçi qüvvəsindən və əmək ehtiyatlarından qarşılıqlı istifadə təmin olunur; və bütün tərəflərin maraqlarına cavab verən ticarət əlaqələri qurulur.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevin sözlərinə görə, Azərbaycanın ilk sənaye klasterləri Sumqayıt kimya-sənaye parkında “SOCAR Polymer” neft-kimya kompleksinin ətrafında və Balaxanıda bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda formalaşdırılacaq. Bu klasterlərin kiçik və orta biznesə “SOCAR Polymer” və Balaxanıda bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ətrafında birləşməyə və bu müəssisələrdə istehsal olunan xammal əsasında istehsalat xəttini yaratmağa imkan verəcək.

Sənaye klasteri yardımçı xidmətlər və ixtisaslaşdırılmış infrastruktur daxil olmaqla təchizatçılardan son məhsula qədər müəyyən bir sahədə geniş mənada bütöv bir dəyərlər zəncirindən ibarətdir. Klaster sahələri mal və xidmətlər axınları vasitəsi ilə coğrafi baxımdan mərkəzləşmiş və qarşılıqlı şəkildə biri-birinə bağlıdır. Biri-biri ilə birləşərək şirkətlər klasterin təmin etdiyi geniş təcrübə bazasından və kvalifikasiyalı işçi qüvvəsindən, təchizatçılara rahat çıxışdan və onun informasiya kanallarından istifadə edə bilər (hər rəsmi olaraq jurnallarda yerləşdirilən məlumatlardan, həm də şayiələrdən).